SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İngilis dili və humanitar fənlər Mərkəzinin (Foundation) tələbələri arasında görkəmli Şotlandiya şairi Robert Börnsə həsr olunmuş ingilis dilində şeir müsabiqəsi keçirilib. Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva iştirak edib.
"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məktəbin rektoru Elmar Qasımov iki ölkə arasında mədəni əlaqələrin inkişafında bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib. Tələbələrin çox böyük həvəslə bu müsabiqəyə qatıldıqlarını qeyd edən rektor onların mədəni və sosial layihələrdə aktiv iştirak etdiklərini bildirib. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM-in uzunmüddətli əməkdaşlığını xatırladan rektor Robert Börnsə həsr olunmuş şeir müsabiqəsinin keçirilməsinin təsadüf olmadığını vurğulayıb: “Robert Börns Şotlandiya xalqının qəhrəmanı, milli qüruru, xalq şairidir. Onun anadan olduğu gün Şotlandiyada milli bayram kimi qeyd edilir. O, 37 illik həyatını Şotlandiyanın folkloru, tarixi, milli adət-ənənələri haqqında məlumat toplamağa həsr edib. Biz də daim tələbələrimizə milli dəyərlərə sahib çıxmağı, onu qorumağı və gələcək nəsillərə ötürməyi aşılayırıq”.
Səfir Fergus Auld çıxışında Bakı Ali Neft Məktəbində ingilis dilində şeir müsabiqəsinin təşkil edilməsini yüksək qiymətləndirib: “Bir şotlandiyalı kimi qürur duyuram və sevinirəm ki, Azərbaycanın ən yaxşı ali məktəbində Şotlandiyanın milli şairinin şeirlərinə həsr olunmuş müsabiqə keçirilir. Çox möhtəşəm gün keçirdim. Belə yüksək səviyyəli tədbir üçün sizə təşəkkür edirəm. Heriot-Vatt Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin şeirlərindən ibarət müsabiqə keçirilməsi barədə cənab Elmar Qasımovla fikir mübadiləsi apardıq. Köklərə, ənənələrə sahib çıxmaq baxımından Şotlandiya ilə Azərbaycan oxşardır”.
Sonda səfir Fergus Aulda Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Tanınmış şotland şairi Robert Börnsə həsr olunmuş şeir müsabiqəsinə Hazırlıq kursunun 16 tələbəsi qatılıb. Tələbələrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonra münsiflər heyəti iştirakçıları qiymətləndirib. Tələbələr müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. Müsabiqədə I yerə Ayişə Baxşıyeva, II yerə Aysel Rəhimli, III yerə Zeynab Acalova sahib olub.