Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Ramazan Bayramı münasibətilə təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir ki, ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanalışılır.
Artıq üçüncü ildir ki, xalqımız Ramazan Bayramını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.
Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir. Qədrbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir. Ramazan bayramı ərəfəsində Ağalar Vəliyev, rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və içtimaiyyətin nümayəndələri Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və Kompleksin önünə tər güllər qoyublar.
Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonları üzrə 411 şəhid ailəsinə və Qarabağ əlillinə Ramazan bayramı ərəfəsində maddi yardım göstərilib, bayram münasibətilə həmin rayonların 40-dan çox yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb və Goranboy rayonunda təxminən 600 nəfərin iştirakı ilə böyük iftar mərasimi təşkil olunub.
Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.