Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək.
"Unikal"ın məlumatına görə, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakı Nəqliyyat Agentliyi ilə bağl Fərman gözlənilən idi. Onun sözlərinə görə, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət, ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır:
"Vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir. Yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri həyata keçirəcək. Bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Bu hələ son deyil. Çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni, islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin, xüsusən yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rolu müəyyən olunmalıdır.
Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı, səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz".
Seymur Əli