Abşeron Rayon İcra Hakimiyyətinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
“Unikal” xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Abşeron Rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan Abdin Fərzəliyev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Ümummilli Liderin əbədiyaşar xatirəsinə ithaf edilən çoxsaylı tədbirlər, konfranslar, görüşlər davamlı olaraq keçirilir: “Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarı da məhz Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kursdur. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub və qarşıda bizi gözləyən daha böyük yüksəlişə də Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedirik”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid Mayor Elşad Həsənovun həyat yoldaşı Oksana Həsənova, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov Ümummilli Liderin Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxarmasından, dövlətimizin inkişafı istiqamətində atdığı addımlardan danışıblar.