SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 12-17 yaş arası yeniyetmələrin iştirakı ilə CTF (“Capture the flag”) yarışı keçirilib.
"Unikal" xəbər verir ki, “Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması layihəsi” çərçivəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və “Cyberpoint” şirkətinin dəstəyi ilə keçirilmiş yarışın texniki təşkilatçıları qismində “İnterprobe” və “UnifyBytes” şirkətləri çıxış edib.
CTF kibertəhlükəsizlik sahəsində keçirilən praktiki təlim yarışlarının əsas məqsədi kompüter sistemlərinin mühafizəsi üzrə biliklərin yarış mühitində təcrübəyə tətbiq edilməsidir. CTF yarışlarında iştirak edən şəxslər kibertəhlükəsizlik sahəsində bilik və təcrübə qazanır, yeni peşəkar əlaqələr qurur və kibertəhlükəsizlik üzrə araşdırma təcrübəsi əldə edirlər.
Tədbirin açılışında bir sıra dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Açılış nitqində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov iştirakçıları salamlayaraq yarış barədə məlumat verib və sahə üzrə AKTA tərəfindən həyata keçiriləcək tədbirlərə dair iştirakçıları məlumatlandırıb. Həmçinin, tədbirin açılış mərasimində BANM-in rektoru Elmar Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq struktur bölməsinin rəisi Davud Rüstəmov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin sektor müdiri Vüsalə Əliyeva, eləcə də “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev, “Unifybites” şirkətinin rəhbəri Mahir Yüksəl, "Caspian İnnovation Center" MMC-nin İnformasiya təhlükəsizliyi üzrə rəhbəri Rauf Mahmudlu, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Hüseyn Qəmbərov və I kurs tələbəsi Nərmin Vəliyeva çıxış edərək tədbirin aktuallığı barədə fikirlərini bölüşüb və yarışma iştirakçılarına tövsiyələrini veriblər.
Yarış çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəiflik və boşluqların istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqlar verilib. Yeniyetmələr tapşırıqları həll etməklə komanda şəklində mübarizə aparıblar.
Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda mükafatlandırılıb və I yerə 2000 manat, II yerə 1000 manat, III yerə 500 manat, eləcə də "Joker Sual"ını cavablandıran komandaya qiymətli hədiyyə təqdim edilib.