Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Həmin məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub.
"Unikal"ın məlumatına görə, yeni qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.
Məruzəni Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur.
35 yaşlı B.Ələkbərov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Məruzəni təqdim edirik:
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.
Anar Kəlbiyev