“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.
"Unikal" xəbər verir ki, bu, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamədə yer alıb.
Əsasnaməyə görə bu medalla Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
Əsasnaməyə görə, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.