Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması zamanı Avropa İttifaqı komissarı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycanla bağlı söylədiyi fikirlər də bir daha təsdiq etdi ki, Azərbaycan Avropanın etibarlı partnyorudur.
Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm əhəmiyyəti kəsb edir. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş yaxud müttəfiq hesab edir. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır.
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycan–Balkan ölkələri münasibətlərində yeni səhifə, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin artmasına mühüm töhfə oldu. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəsi ilə neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr o cümlədən, güclü ötürmə xətləri Avrasiyanın enerji xəritəsi yenidən cızır, bir sözlə enerji diplomatiyasının gözü Bakıdadır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov