Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanan Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED X” komandasının layihəsi ilə tanış olub.
"Unikal" xəbər verir ki. Selçuk Bayraktar BMU komandasının sərgidə hərbi məqsədli “PUA-Pilotsuz Uçuş Aparatı” layihəsi ilə iştirak edən yeganə Azərbaycan komandası olmasını xüsusi vurğulayıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, Prof. Dr. Hasan Mandal da BMU komandasının layihəsi ilə yaxından tanış olub. Tələbələr TUBİTAK rəhbərinə layihə haqda ətraflı məlumat veriblər. Hasan Mandal BMU komandasının layihəsi olan PUA-nı imzalayıb və tələbələrlə səmimi söhbət edib.
BMU-nun tələbələrdən ibarət “RED X” komandası Türkiyədə keçiriləcək “TEKNOFEST-2023”də hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və ergonomik PUA ilə təmsil olunur.
BMU tələbələrinin ərsəyə gətirdiyi PUA Bursa şəhərindəki sınaq uşuşlarından sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək festivalda nümayiş olunacaq.
Qeyd edək ki, BMU-nun tələbələrdən ibarət komandası 2022-ci iln may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutub. BMU-nun komandasına mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunub.
BMU-nun komandası, həmçinin Türkiyənin Samsun şəhərində keçirilmiş Aerokosmik və texnologiya festivalında (“TEKNOFEST-2022 Qara Dəniz”) iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi