26 aprel tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Kazan dəmir yolu vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub.
"Unikal" xəbər verir ki, sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl dəmir yolu vağzalında BAM iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.
Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Baykal-Amur magistral xəttinin (BAM) nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsinə verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı. Ulu Öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bildi. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də rolu böyük olub”.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin sözügedən tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. “9 may 1984-cü ildə Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi “qızıl yanlığ”ı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq Heydər Əliyev kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”.
“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, – İqor Levitin vurğulayıb.
Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərliyi, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Sərgi 30 aprel tarixinə kimi davam edəcək.
Qeyd edək ki, ümumi uzunluğu 4300 km olan BAM-ın tikintisinə 1940-cı ildə başlanılsa da, tikinti işləri təxirə salınıb, 1974-cü ildən layihə yenidən gündəmə gəlib. Layihə çərçivəsində BAM-da 200-dən çox dəmir yolu stansiyası inşa edilib, dəmir yolu xətti isə 60-dan çox şəhər və qəsəbəni birləşdirir. BAM boyunca 10 dəmir yolu tuneli tikilib. BAM xətti 11 iri çayın üzərindən keçir, ümumilikdə xətt üzrə 2230 iri və xırda körpü inşa edilib.