Bakı Mühəndislik Universitetində (BMU) AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan “Azərbayan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Nəsimi adına Dilçilik İnstitunun əməkdaşları, BMU-nun müəllim və tələbə heyəti iştirak edib.
Toplantıda fakültənin dekanı, dosent Elşad Abdullayev tələbələrin vətənpərvər, milli ruhda yetişdirilməsi, onlara Azərbaycan dilinə sonsuz məhəbbətin aşılanmasında dialektoloji atlasların böyük töhfə verdiyini bildirib.
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva isə çıxışında dilçiliyin coğrafiya, tarix, sosial, politologiya və s. istiqamətlərlə vəhdəti, dialektologiyada atlasların vacib rolundan söz açıb.
Kafedranın dosenti Zabitə Teymurlu isə atlasın elektron versiyası ilə bağlı geniş təqdimatla çıxış edərək, nəşrin ərsəyə gəlməsində Nəsimi adına Dilçilik İnstitunun komandasının gərgin əməyini vurğulayıb.
Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, dialektoloji atlas qrupunun rəhbəri, dosent Kifayət İmamquliyeva atlas barədə önəmli məlumatları nəzərə çatdırıb. O, atlasın Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən hazırlandığını söyləyib və proqram çərçivəsində ilkin mərhələdə görülən işləri qeyd edib. Bu istiqamət üzrə növbəti mərhələdə zəngin dialektoloji materiallar əsasında sözügedən atlasın hazırlandığını deyən K.İmamquliyeva davamlı və gərgin əmək nəticəsində 7 ilə ərsəyə gələn nəşrdə bölmələrin rəmzi olaraq Azərbaycan dövlət bayrağının rənglərini özündə əks etdirdiyini vurğulayıb.
Dörd dildə (Azərbaycan, türk, rus, ingilis) ictimaiyyətə təqdim olunan atlasda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb. Atlasda 278 xəritə, eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Prezident İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi zəfəri əks etdirən şəkillər və s. dəyərli məlumatlar yer alıb.
Daha sonra tədbirdə BMU-nun I kurs tələbələri Nicat İsmayılov və Seyid Yusifzadə dil vahidlərinin toplanması tapşırığı üzrə əldə etdikləri nəticələri iştirakçılarla paylaşıblar.
Görüş atlasın hazırlanmasına dəstək verilməsi üzərində aparılan müzakirələr və iştirakçıları maraqlandıran sualların cavablandırlması ilə yekunlaşıb.