Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.  

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. 

Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


***
"Bu gün səhər saat 7:50 radələlərində  paytaxtın  Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız "Prius" markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaratmış polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib".

Bunu "Unikal"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

"Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək.

Təfərrüatları barədə məhkəmənin qərarından sonra ətraflı məlumat təqdim edəcəyik".

Murad İbrahimli

***

Bakıda yol polisinə tabe olmayan sürücü görüntülənib.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil sürücüsü Memar Əcəmi metrostansiyasının yaxınlığında yol polislərindən qaçmağa çalışıb.