Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə aprelin 28-də Baş Prokurorluqda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Açılış nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyəti və mənalı həyat yolundan bəhs edib, insanlara nur və həyat bəxş edən görkəmli alimin zəngin irsinin yeni elmi zirvələri inamla fəth edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Aynur Osmanova Zərifə xanım Əliyevanın peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışıb.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan bəhs edən “Elegiya” adlı sənədli filmə baxılıb.