Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir vətəndaşı aldadaraq onun xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Abiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, F.Abiyev zərərçəkənin etibarından istifadə edərək, ondan bir yaxınının dayandırılan təqaüdün bərpa olunmasına görə 3700 manat, həbsdə olan bir qohumunun sərbəst buraxılmasına görə isə 6500 manat alaraq, ümumilikdə zərərçəkənin 10200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, F.Abiyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər F.Abiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Salyan RPŞ-nə məlumat vermələri xahiş olunur.