“Azərpoçt” MMC tərəfindən təsis edilən, sürətli poçt xidmətləri göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi (EMS – Express Mail Service) 2022-ci ildəki fəaliyyətinin nəticəsinə görə Beynəlxalq EMS Kooperativi tərəfindən 2 kateqoriya üzrə eyni zamanda 2 qızıl mükafat alıb.
"Unikal" xəbər verir ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativi dünyanın bütün ölkələrinin EMS operatorlarının il ərzində göstərdiyi poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırır, qiymətləndirir və yekun nəticələrə əsasən təsis etdiyi mükafatları (“Performans” mükafatı və “Müştəriyə qayğı” mükafatı) operatorlara təqdim edir.
Qürurla qeyd edirik ki, EMS Azərbaycan 2022-ci ildəki fəaliyyətinə görə hər iki kateqoriyanın qızıl mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “Performans” mükafatı üzrə qızıl mükafatın qazanılması üçün qarşıya qoyulan 9 tələbdən minimum 5-nə EMS operatoru cavab verməlidir. Lakin EMS Azərbaycan nəinki 5, hətta 7 tələbə cavab verərək, qızıl mükafata layiqliyini sübut edib. Həmin tələblər bunlardır:
Xaric olan poçt göndərişlərinin standarta uyğun vaxtında, ən azı 95% göstərici ilə ixrac olunması – EMS Azərbaycanda bu göstərici 98% olub.
Xaric olan poçt göndərişlərinin standarta uyğun ən azı 80% göstərici ilə vaxtında daşınması – EMS Azərbaycanda bu göstərici 81% olub.
M40 standartına uyğunluq “Mövcuddur” göstəricisi ilə təmin olunub.
PREDES elektron mesajlarının partnyor ölkələrin sayına nisbəti ən azı 95% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 100% olub.
RESDES elektron mesajlarının PREDES elektron mesajlarına nisbəti ən azı 95% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 95% olub.
Çatdırma məlumatlarının beynəlxalq poçt sisteminə işlənilməsi ən azı 99% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 99% olub.
Xaric olan poçt göndərişləri üçün ITMATT elektron mesajlarının EMC elektron mesajlarına nisbəti ən azı 60% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 98% olmuşdur.
Digər kateqoriya olan “Müştəriyə qayğı” mükafatını qazanmaq üçün isə aşağıdakı 7 meyar EMS operatoru tərəfindən yerinə yetirilməli idi:
EMS Kooperativinin üzvü olmaq – “Azərekspresspoçt” 1998-ci ildən EMS Kooperativinin üzvüdür. İl ərzində hər ay EMS müştəriyə xidmət adlı sistemdən istifadə olunması – “Azərekspresspoçt” 2022-ci ildə hər ay Universal Poçt İttifaqının “i-Care” sistemindən istifadə edib. Sorğulara vaxtında, ən azı 98% göstərici ilə cavab vermək – EMS Azərbaycanda bu göstərici 100% olub. Birinci səviyyədən sonra bağlanmış (həll olunmuş) sorğular ən azı 70% təşkil etməlidir – EMS Azərbaycanda bu göstərici 97% olub.
15 iş günü ərzində sorğular üzrə iş prosesini ən azı 90% göstərici ilə bitirmək – EMS Azərbaycanda bu göstərici 99% olub. Alınmış sorğuların və cavabların oxunması üçün orta vaxt – maksimum 3 saat təşkil etməlidir – EMS Azərbaycanda alınmış sorğuların oxunması üçün orta vaxt 00:15:55, alınmış cavabların oxunması üçün orta vaxt isə 01:35:30 təşkil edib.
Araşdırılmamış daxil olan sorğuların olmaması tələbinə uyğunluq da EMS Azərbaycanda tam təmin edilib, araşdırılmamış sorğu qalmayıb.
O da qeyd olunmalıdır ki, axırıncı dəfə “Performans” mükafatını “Azərekspresspoçt” 2015-ci ildə, “Müştəriyə qayğı” mükafatını isə 2019-cu ildə qazanıb.
EMS Azərbaycan öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurmaq və müştərilərinin məmnuniyyətini təmin etmək üçün cəhdlər göstərir, daima təkmilləşmə proseslərini nəzarətdə saxlayır.