Bakı Mühəndislik Universitetində (BMU) Mühəndislik fakültəsi və  Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan mahnılarının təbliği məqsədilə tədbir keçirilib.   

"Unikal" xəbər verir ki, əvvəlcə fakültənin dekanı Asif Quliyev tədbirin önəmindən danışıb.

Sonra tədbirdə iştirak edən Bakı Müsiqi Akademiyasının professoru Maya Qafarova Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına əsasən  tələbələrdən ibarət yaradılan “İrəvan” xalq çalğı alətləri ansamblı haqqında məlumat verib. Bildirib ki, bu gün tarixi torpaqlarımıza qayıdışla bağlı dövlət səviyyəsində geniş işlər görülür və adıçəkilən ansamblın yaradılması da qədim musiqilərimizin arxiv materialları əsasında tapılması, dərindən araşdırılıb öyrənilməsi istiqamətində atılan addımlardan biridir. M.Qafarova  “İrəvan” ansamblının Qərbi Azərbaycan mahnıları əsasında konsert proqramı hazırladığını, bərpa məqsədilə üzərində müəyyən işlər aparılan mahnıların hazırda xalqımıza çatdırılmaqda olduğunu deyib.

Daha sonra “İrəvan” xalq çalğı alətləri ansamblı tərəfindən unudulmuş və bərpa edilən bir sıra Qərbi Azərbaycan mahnıları ifa olunub. 

Maraqla dinlənilən qədim mahnılarımız, eləcə də BMU-nun “Maşın mühəndisliyi” ixtisasının III kurs tələbəsi İbrahim Bayramovun sazda ifa etdiyi “Kərəm gözəlləməsi” aşıq havası zalda alqışlarla qarşılanıb. 

Tədbir sözləri Səməd Vurğuna, musiqisi Səid Rüstəmova aid sevilən məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.