Rusiya Federasiyasının Volqoqrad şəhərində Volqoqrad-Bakı Dostluq Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.  
“Unikal” xəbər verir ki, “Rusiya-Azərbaycan Birliyi”, Volqoqrad regional “Dostluq evi” mədəniyyətin inkişafı ictimai təşkilatlarınin təşkilatçılığı, Heydər Əliyev Fondunun təşəbbüsü,  Qaradağ Rayon İcra Hakimiyyəti və Volqoqrad Vilayət Administasiyasının millətlər və kazaklar üzrə vilayət komitəsinin dəstəyi ilə keçirilən tədbir anım mərasimi başlayıb. 
Volqoqrad vilayətində yaşayan Azərbaycandan olan xalqların nümayəndələri, Volqoqrad vilayətinin milli ictimai birliklərinin fəalları, Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Eduard Davidovskiy, Volqoqrad şəhər administrasiyasının mədəniyyət üzrə komitə sədri Dmitriy Polyanin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin birinci katibi Fərhad Məmmədov, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov - "Volqoqrad - Bakı" dostluq parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri və əklillər düzüblər.
Tədbirin rəsmi hissəsi  ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Daha sonra Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən rəsmi nümayəndlər ulu öndərin həyatı və fəaliyyəti barədə öz xatirələrini söyləyiblər. Heydər Əliyevin SSRİ-nin dahi şəxsiyyətlərindən biri olduğunu qeyd ediblər və o dövrdəki fəaliyyəti barədə söz açıblar. 
Qeyd ediblər ki, Heydər Əliyev SSRİ-nin ən parlaq rəhbərlərindən biri olub. Onu başqalarından fərqləndirən və ona Sovet vətəndaşları arasında populyarlıq qazandıran cəhət şəxsi ünsiyyətə üstünlük verməsi, problemləri yerində həll etmək bacarığı olduğunu vurğulayıblar. Azərbaycana yaxın xalqların nümayəndələri, o cümlədən ləzgilər, tatarlar, qazaxlar, udinlər və digər nümayəndələr çıxış edərək ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Volqoqrad vilayətinin ictimai həyatında fəal iştirakı ilə seçilən Azərbaycandan olan Volqoqrad vilayətində yaşayan azərbaycanlılara Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Eduard Davidovskiy təşəkkürnamələr təqdim edib.
Tədbirdə ulu öndərə, Azərbaycana həsr olunmuş mahnılar səslənib və Azərbaycanda yaşayan xalqların rəqsləri nümayiş olunub.
Xatırladaq ki, parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” IV Beynəlxalq Forumu zamanı qoyulmuş, 2013-cü il dekabrın 20-də isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə parkın açılışı olub.