Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi yenidənqurma üçün qeyri-müəyyən müddətə bağlanıb.

"Unikal" xəbər verir ki, Gürcüstan tərəfi Marabda-Kartsaxi dəmir yolu hissəsinin tikintisini həyata keçirən podratçıdan müvafiq bildiriş alıb.

"Qatarların hərəkətinin dayandırılmasına səbəb baş podratçı tərəfindən mövcud hissədə tikinti işlərinin sürətini artırması və layihənin qısa müddətdə başa çatdırılmasıdır", - Gürcüstan Dəmir Yolları yerli mətbuata açıqlamasında bildirir.

Ötən ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammitində Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi layihəsinin əlavə 100 milyon dollarla maliyyələşdiriləcəyini bildirmişdi.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars marşrutunun artırılması, Mərkəzi Asiyadan Avropaya və əksinə yüklərin daşınması üçün Gürcüstan limanlarından istifadə etmək bütün ölkələrin maraqlarına cavab verir.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhlizin logistik hissəsidir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini vahid nəqliyyat dəhlizində birləşdirməyə imkan verib.

Bu dəmir yolu xətti 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir.

BTQ-nin Gürcüstan hissəsinin tikintisini Azərbaycan maliyyələşdirib, o, 775 milyon dollar dəyərində iki güzəştli kredit ayırıb.

BTQ-nin ümumi uzunluğu təqribən 830 km-dir.

Ötən il Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzit daşınan yüklər haqqında elektron məlumat mübadiləsi haqqında saziş imzalanıb.