Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri Namiq Eynullayevin idarə etdiyi "VAZ-2170" markalı (Lada Priora – red.) avtomobillə Miri Ağayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə qəza nəticəsində "VAZ-2104" markalı avtomobil, yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və "VAZ-2170" markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.