Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, yerli vaxtla saat 17:00-da seçki məntəqələri bağlanıb.

Hazırda səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

xxx

09:01

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

"Unikal" xəbər verir ki, mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.