Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin gecə saatlarında gözlənilmədən mətbuat konfransı keçirib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri çıxışı zamanı Kiyevi yenidən atəşkəslə bağlı danışıqlara çağırıb. 

Onun sözlərinə görə, Ukrayna tərəfi Pasxa bayramı zamanı atəşkəsi beş min dəfədən çox pozub: "Rusiya dəfələrlə atəşkəs təşəbbüsləri irəli sürüb, lakin Kiyev enerji obyektlərinə zərbələr endirmə moratoriumunu pozub və Pasxada atəşkəsə əməl edilməyib.

Biz üçüncü dəfə mayın 9-da atəşkəs elan etdik. Atəşkəs rejimi Kiyev rejimi tərəfindən pozuldu.

Biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik və heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqları kəsən biz yox, Ukrayna tərəfi idi". 

Buna baxmayaraq, Rusiya prezidenti qeyd edib ki, Moskva heç bir ilkin şərt olmadan Ukrayna ilə birbaşa danışıqları bərpa etmək istəyir: "Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə danışıqları bərpa etməyi təklif edirik.

Rusiya mayın 15-də İstanbulda dialoqa başlamağa hazırdır. Sabah prezident Ərdoğanla danışacam". 

Ağarza Elçinoğlu