Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracdan 2,522 milyon ABŞ dolları gəlir əldə olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm üzrə 2,2%, dəyər üzrə isə 4,8% çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 30,033 milyon kVt/saat elektrik enerjisi idxal edib. İdxalın dəyəri 1,192 milyon ABŞ dolları təşkil edib. Dəyər ifadəsində 3,5% artım qeydə alınsa da, həcm 13% azalıb.
Ümumilikdə, ilin ilk beş ayında Azərbaycan Rusiya, Gürcüstan və İrana 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edib. İxracın dəyəri 12,513 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm üzrə 2,8 dəfə, dəyər üzrə isə 3 dəfə azdır. Eyni zamanda, bu ölkələrdən elektrik enerjisi idxalı isə həm həcm, həm də dəyər baxımından artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,728 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% azdır. Rusiyaya ixrac 608,6 milyon dollar olub və bunun 596,1 milyon dollarını qeyri-neft məhsulları təşkil edib.
Xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov son görüşlərində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların genişləndirilməsi və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı marağı vurğulayıblar.








.jpg)


.jpg)












































