“Mayın 14-də yarımçıq qalan işi bu gün tamamlayacağıq”.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Adil Karaismailoğlu seçkilərin nəticəsinin uğurlu olacağına ümid etdiyini deyib: “Seçici fəallığı getdikcə artır. Bu, demokratiyanın təzahürüdür”.

Nazir bütün seçiciləri səsvermədə iştirak etməyə çağırıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.