"Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edirik".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür:
"Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.
Ətraflı
BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür.
Nəinki işğal etdiyi Azərbaycan ərazilərində, Ermənistanda belə bütün azərbaycanlı əhalini öz doğma torpaqlarından qovan bir ölkənin guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə qarşı “etnik təmizləmə” niyyəti güddüyünü iddia etməsi tamamilə əsassızdır. Azərbaycan yerli erməni sakinlərin reinteqrasiyası istiqamətində bütün zəruri addımları atmaq niyyətindədir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Ermənistan tərəfindən səslənən “ərazi bütövlüyü və suverenliyə dəstək” barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir.
Bölgədə sülh və sabitliyə hazırlıq niyyəti saxta çağırış və vədlərlə deyil, real addımlarla ölçülür. Sülhün bərqərar edilməsi istiqamətində baza prinsiplərini ilk olaraq təklif edən, sülh müqaviləsi mətnini ilk olaraq irəli sürən, bölgədə kommunikasiyaların açılması səylərini irəlilədən, delimitasiya üzrə komissiyanın təsis edilməsini və bu istiqamətdə işləri ilk təşviq edən, sərhəddə yolunu azmış hərbçilərin geri qaytarılması kimi etimad quruculuğu tədbirlərini irəlilədən tərəfin məhz Azərbaycan olduğu hər kəsə bəllidir. Bütün bu səylərə hər vəchlə maneçilik törədən tərəfin də məhz Ermənistan olduğu hər kəsə aydındır.
Beləliklə, yaxşı olardı ki, Ermənistan tərəfi sülh yaradılması səylərinə maneçilik törətmək, saxta və yalançı bəyanatlar vermək əvəzinə, Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə sözdə deyil əməldə riayət etsin".