İyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Ərdoğan andiçmə mərasimindən sonra Anıtqəbiri ziyarət edib.

Ardınca Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.

Axşam saatlarında Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib.

Prezident İlham Əliyev mərasim zamanı Ermənistan Baş naziri Nikol Paşinyan, ATA İttifaqının namizədi Sinan Oğan, NATO baş katibi Yens Stoltenberq ilə danışıqlar aparıb.

Mərasimlərdə 81 ölkədən 50-si dövlət və hökumət başçısı olmaqla 100-ə yaxın yüksək səviyyəli xarici qonaq iştirak edib.