OPEC+ Nazirlərinin Monitorinq Komitəsi Vyanada iclasa başlayıb və bu görüş zamanı alyansın neft hasilatı üzrə gələcək planı müzakirə olunacaq.

"Unikal" xəbər verir ki, görüş altı saatlıq gecikmədən sonra başlayıb.

İclasın başlama vaxtı bir neçə dəfə təxirə salınıb. Reuters-in mənbələrə istinadən verdiyi məlumata görə, görüşün başlanmasının ləngiməsi OPEC+-nın hasilatın azaldılması və əsas hasilat səviyyəsi ilə bağlı fikir ayrılıqlarını həll etməli olması ilə əlaqədar olub.

Monitorinq komitəsinə daxil olan ölkələrin bütün nümayəndələri, o cümlədən Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak OPEK-in Vyanadakı katibliyinin binasına gəliblər.

OPEC+ nazirlərinin monitorinqi alyansın neft hasilatı üzrə gələcək siyasəti ilə bağlı yekun qərar qəbul etmir, sadəcə tövsiyə verir. Apreldə keçirilən sonuncu monitorinq iclasında cari plana sadiq qalmaq tövsiyə olunub - 2022-ci ilin noyabrından OPEC+ ölkələri hasilatı avqust ayı səviyyəsindən sutkada 2 milyon barel (b/g) azaldacaq.

Bu dəfə OPEC+ ölkələri hasilatın azaldılması da daxil olmaqla, neft hasilatının parametrləri üzrə müxtəlif fəaliyyət variantlarını nəzərdən keçirir. Eyni zamanda,  OPEC+ digər variantlarla yanaşı, hasilatın sutkada 1 milyon barel əlavə azaldılmasını müzakirə edir. 

OPEC+ Nazirlərinin Monitorinq Komitəsinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır. Komitənin işini hasilat baxımından müqavilənin ən böyük tərəfləri olan Rusiya və Səudiyyə Ərəbistanı idarə edir.