“Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi”.
"Unikal" xəbər verir ki, bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yarışın tarixi Bakıda başlayıb: “Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik”.
EOC rəhbəri deyib ki, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər:
“Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey - arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər”.
O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib:
“Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar”
Kapralos III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb:
“Bilirəm ki, idmançılarını yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.
Azərbaycan Badminton Federasiyasının “fair-play” mükafatına layiq görülməsinə də toxunan Kapralos bunu böyük nailiyyət adlandırıb:
“Önəmli olan yalnız idman deyil. Həm də Olimpiya dəyərləri və ideyalarını qoruyub saxlamaqdır. Azərbaycan Badminton Federasiyasını bu böyük uğur münasibətilə təbrik edirəm. İnanıram ki, bu cür davam edəcəklər”.