Xəbər verdiyimiz kimi, ötən gün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçısı İlham Əliyev tərəfindən “Gülüstan” sarayında verilən ziyafətdə Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. Mərasimdə sənətçinin əsərin sözlərini dəyişərək “Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz” formada ifa etməsi Prezidentlər tərəfindən ayaq üstə alqışlanıb.
"Unikal" xəbər verir ki, Azərin çıxışı ilə bağlı Türkiyənin "Yeni Şafak" nəşrinə danışıb.
Belə ki, sənətçi mötəbər mərasimdə böyük sevinc və qürür hiss keçirdiyini dilə gətirib:
"Çox qürurverici axşam idi. Növbəti dəfə cənab Ərdoğanın seçimlərdən sonra Azərbaycana gəlişi ənənəsinə sadiqliyidir. Vətəndaş, türk insanı və sənətçi olaraq bizim üçün əhdə vəfa önəmlidir. Bunu heç yerdə deməmişəm, cənab Ərdoğan baş nazir olduğu zaman Gülüstan sarayına gəlmişdi. “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdikdən sonra sənətçilərlə görüş oldu. Həmin zaman mənə yaxınlaşdı və unutmayacağım bir cümlə dedi ki, “Azərin xanım söz, söz verirəm ki, Azərbaycanın bayrağını Qarabağda asacağıq”. Bu səs, cümlə hər zaman qulağımda idi. Əhməd Cavadın ailəsindən icazə alaraq əsərin sonunda dəyişiklik etmişdim ki, “Azərbaycan bayrağını Qarabağda asacağıq”. Allah bunu dua kimi qəbul etdi, illərdir dünyanın harasına konsertə getdimsə, bu cür ifa etdim. Bu əsər xalqımız tərəfindən sevildi, könüllərində taxt qurdu. 2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Qarabağda zəfər bayrağı, Azərbaycan və Türkiyənin şanlı bayraqları yan-yana asıldı. İlk konsertdə mən də oraya getdim. Dünən yenidən tədbirə dəvət alanda, cənab Ərdoğanın sözləri qulağımda səsləndi. Azərbaycan heç vaxt Türkiyənin, Ərdoğanın verdiyi dəstəyi unutmayacaq. Ötən gün də əsəri o cür ifa etmək içimdən gəldi".