Bu gün Pirallahı rayonunda Silahlı Qüvvələr gününə həsr olunmuş “Heydər Əliyev və Azəraycanda ordu quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “N” saylı hərbi hissənin komanda məntəqəsinin rəisi, qərargah rəisinin döyüş əməliyyatları üzrə köməkçisi, polkovnik-leytenant Anar Məmmədov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə ilk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. “Heydər Əliyev və Azəraycanda ordu quruculuğu” adlı video-çarx nümayiş etdirilib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək vurğulamışdır ki, bir neçə gün sonra Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ilini qeyd edəcəyik. Artıq üçüncü ildir ki, Silahlı Qüvvələrimiz alnı açıq və qürurla peşə bayramlarını qeyd edirlər. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Milli Ordumuzun bu müddətdə keçdiyi şərəfli tarixindən danışan natiq bildirdi ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. 44 günlük müharibədə Azərbaycan dünyaya sübut etdi ki çox güclü orduya sahibdir. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Vaxtilə hərbi kadrların azlığından əziyyət çəkən Azərbaycan son 30 ildə böyük bir inkişaf yolu keçərək dünyanın 50 ən yaxşı orduları sırasında yer alıb.

Sonra “N” saylı hərbi hissənin komanda məntəqəsinin rəisi, qərargah rəisinin döyüş əməliyyatları üzrə köməkçisi, polkovnik-leytenant Anar Məmmədov çıxış edərək bildirdi ki, SSRİ dövründə azərbaycanlı gənclər əsasən hərbi texnikanın olmadığı, döyüş təlimlərinin aparılmadığı yerlərdə, tikinti-inşaat taborlarında hərbi xidmət keçirdilər. Bunun məqsədi azərbaycanlıların hərbi biliklərə və döyüş bacarıqlarına yiyələnməsinin qarşısını almaq idi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məqsədyönlü siyasətin qarşısını almaq üçün tədbirlər görməyə başladı. 1971-ci ildə onun təşəbbüsü ilə C.Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi Məktəb yaradıldı. Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunun ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək.

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli onlara  göstərilən dövlət qayğısından minnətdarlıqla danışaraq qeyd etdi ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.    Yekunda Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək ərazi bütövlüyümüz uğrunda canından keçmiş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, əlil və veteranlarımıza isə can sağlığı diləyərək vurğuladı ki, Azərbaycan Respublikasının güclü və nizam-intizamlı ordusu var. Bu ordu istənilən zaman düşmənə layiqli cavab verməyə qadirdir. 2020-ci ildə başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz qeyri-adi taktika və rəşadət göstərərək bütün dünya hərb sənətini heyrətə gətirdi. Azərbaycan əsgəri Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir.

Tədbirdə rayonun bir qrup Vətən müharibəsi iştirakçısı Silahlı Qüvvələr günü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.