Seysmik aktivlik təhlükəli həddə çatıb
02:55 07-04-2012
İQTİSADİYYAT
Seysmik aktivlik təhlükəli həddə çatıb
Qobustanda təhlükəli vəziyyət yaranıb, Masallıda sürüşmə fəallaşıb, Muğanlı ərazisi isə müşahidə altındadır
Son dövrlər ölkədə seysmik aktivliyin artması ilə bağlı xəbərlər yayılır. Bu xəbərlərin ardından isə müxtəlif yerlərdən həyacanlı xəbərlər də gəlməyə başlayıb. Məsələn, Muğanlı kəndində torpaq sürüşməsi bir neçə rayonla əlaqəni tamamilə kəsmişdi. Qobustanda isə nəhəng dağın çat verdiyi məlum olub. Dünəndən etibarən bu cür xəbərlər başqa rayonları da əhatə etməyə başlayıb.
Muğanlı müşahidə
altında saxlanılır
Şamaxının Muğanlı kəndində bir müddət əvvəl baş vermiş torpaq sürüşməsinin dayandığı barədə rəsmi qurumlar məlumat versələr də, kənd sakinləri bunun əksini deyirlər. Onların bildirdiyinə görə, dövlət qurumlarının belə bir açıqlama verməsi əhalini sakitləşdirmək üçündür. Əslində isə kəndin ərazisindəki sürüşmə prosesi davam edir.
Kənd sakinləri deyirlər ki, artıq bir neçə gündür bir neçə nazirliyin əməkdaşı Muğanlıya gələrək, orada müşahidə postları qurublar. Onların dediyinə görə, həmin şəxslər sürüşmənin davam edib-etmədiyini və hansı səviyyədə aktiv olduğunu müəyyənləşdirməyə çalışırlar. "Bizimlə o qədər də söhbət etmirlər. Təsadüfən, bildiriblər ki, sürüşmə hələ davam edir və prosesin nə zaman dayanacağını bilmirlər. Burada olmalarının səbəbi isə sürüşmənin qabağını almaq üçün təkliflər hazırlamaqdır".
Güllütəpədə də torpaq sürüşməsi
aktivləşməyə başladı
Masallının Güllütəpə kəndində də torpaq sürüşməsinin aktivləşməsinə dair xəbər almışıq. Həmin məlumatda deyilir ki, hələ 2008-ci ilin aprelindən start götürmüş torpaq sürüşməsi bir müddət sonra dayansa da, yenidən start götürüb.
Belə ki, kəndin yuxarı hissəsində yerləşən iritəpənin yarısının uçması ilə başlayan proseslə bağlı aparılan araşdırmalardan sonra məlum olmuşdu ki, yerin alt qatlarında süxur dəyişikliyi ilə bağlıdır. Rəsmi qurumlar həmin vaxt 40-a yaxın evin təhlükəli zonaya düşdüyünü dəqiqləşdirsələr də, onlardan cəmi 11-i üçün yeni mənzil tikiblər. Digərləri isə hələ də yeni mənzil həsrəti ilə gözləyir. Bundan başqa, sürüşmə zonasından kəndin şərq istiqamətinə doğru çatların da əmələ gəldiyi müşahidə edilmişdi və bu isə Güllütəpənin yarısının sıradan çıxması anlamına gəlir.
Kənd sakinləri deyirlər ki, Novruz Bayramından sonra aktivləşən torpaq sürüşməsi ilə bağlı rəsmi dairələrə məlumat verməyə hazırlaşırlar. Onların bildirdiyinə görə, prosesi önləmək üçün vaxtında tədbirlərin görülməsini istəyirlər.
Bu əsnada o da məlum olub ki, Güllütəpə kəndinin yuxarı hissəsində yerləşən təpənin uçması ilə bağlı proqnoz hələ 1970-ci ildə verilibmiş. Belə ki, Moskvadan gəlmiş bir qrup mütəxəssis təpədə araşdırma apardıqdan sonra sakinlərə deyiblər ki, ən geci 28-35 il aralığında sürüşmə prosesi başlayacaq.
Üç nazirlik həyacan
təbili çalır
Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar aparılan vizual mühəndis-geoloji araşdırmaların nəticəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vizual mühəndisi-geoloji araşdırmaları qoruğun əməkdaşlarının iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən aparılıb. Bildirilib ki, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Neopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə, Mədəniyyət və Turizm Nazirliyinin Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir.
Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində, təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2,0 m, görünən dəriliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də, 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalananarq yamac boyu cənub-şərq istiqamətdə hərəkət edib və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib.
Qeyd edək ki, prosesin bu intensivliklə davam etməsi Kiçikdaş dağının aşağı yamacında yerləşən qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yaradacaq.
Bununla əlaqədar Nazirliyin əməkdaşları Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində aparılan araşdırmalar nəticəsində aidiyyəti qurumlara tövsiyələr verib.
Xatırladaq ki, Kiçikdaş antiklinal tirəsi Neopleystosendə baş vermiş arid-denudasiya prosesləri nəticəsində formalaşıb. Ancaq denudasiya prosesi tam başa çatmayıb və ərazidə inversiya relyef formaları yaranmayıb. Bunun nəticəsində vilayətin müasir relyefi tam tektonik quruluşu xarakterizə edir. Ərazinin mikrorelyefinin formalaşmasında struktur-denudasiya prosesləri ilə yanaşı deflyasiya, fiziki-mexaniki aşınma, temperatur dəyişkənliyi və atmosfer yağıntılarının təsiri də mühüm rol oynayıb. Kiçikdaş antiklinal tirəsinin Acıçay-Ələt tektonik qırılmalar zonası ilə mürəkkəbləşmiş geoloji quruluşunda Holosen yaşlı elüvial-delüval, Neopleystosen və Pliosen yaşlı dəniz mənşəli çöküntülər iştirak edir.
Bakıda da araşdırma
aparılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Radiasiya Problemləri institutları Bakının ekoloji durumunu qiymətləndirəcək. Bu barədə Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib.
Onun sözlərinə görə, layihə "Böyük Bakı ərazisində geokimyəvi və geoloji proseslərin ekologiyaya təsirinin öyrənilməsi" adlanır. Layihə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan etdiyi müsabiqə nəticəsində ayrılan maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Layihə çərçivəsində Bakı şəhərindəki aktiv qırılmalar, paytaxtda radon qazının çıxması, çirklənmiş ərazilərdəki radionukleidlərlə bağlı araşdırmalar aparılacaq: "Azərbaycan ərazisi seysmoaktivdir. Burada həmişə qırılmalar olur. Bakı ərazisindəki qırılmalarla bağlı hazırda araşdırmalar aparırırq. Bunlar lokal qırılmalardır və elə ciddi qorxusu yoxdur".
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07