Tərkibində bir çox qatqılar əlavə edilmiş yarımfabrikat qidaların, “fast food” yeməklərinin, spirtli içkilərin, hərəkətsizlik, yaşayış mühiti və yaxud çalışdığınız işin qaraciyərin piylənməsinə səbəb ola bilər.

Bu barədə "Unikal"a Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov məlumat verib. Onun sözlərinə görə, əksər hallarda bu xəstəlik heç bir şikayətin olmadığı halda, təsadüfən ortaya çıxır. Qan testləri və ya ultrasəs və digər müayinələr zamanı aşkar edilir: "Piylənmə artıqca qaraciyərin iltihablanmasına və sərtləşməsinə səbəb olur. Əvvəlcə yorğunluq və halsızlıq özünü göstərir. Daha sonra hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilir".

Tofiq Əkbərov bildirib ki, yüksək xolesterol və diabet xəstələrinin təxminən 80 %-i qaraciyər piylənməsindən əziyyət çəkir və hər 3 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Bu səbəbdən risk altında olanlar qan testləri və radioloji üsullarla yoxlanılmalıdırlar. "Piylənmənin aşkarlanması üçün ultrasəs müayinəsi ən sürətli və praktik üsuldur", - deyən həkim qaraciyərin sərtlik dərəcəsini ölçən elastoqrafiyanın qaraciyərin müayinəsi üçün daha effektiv olduğunu qeyd edib.

Hepatoloq əlavə edib ki, xəstəliyin müalicəsi uzunmüddətli aparılır. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək, xüsusi pəhriz və idman proqramı təyin olunur. Xəstə karbohidratla zəngin məhsulları, doymuş yağ ehtiva edən qidaları azaltmalı, pəhrizə keçməli, axşam saat 19:00-dan sonra yeməyi dayandırmalı və gündə ən azı yarım saat piyada gəzməlidir.