"Prezidentin dünənki müşavirəsində ciddi məqamlar yer alsa da, 2 məsələ diqqətimi daha çox cəlb etdi. Onlardan hər ikisi hökumətdən təkliflərin istənilməsilə bağlı idi".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O xatırladıb ki, Prezident inflyasiyanın ikirəqəmli olmasına dair firkirlər səsləndirib:
"Ölkə başçısı burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin mövcudluğunu, buna görə də bu məsələnin bizi düşündürməli olduğunu açıq şəkildə bildirdi. Eyni zamanda, bu məsələnin bir daha ciddi araşdırılmasını və il sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməsini istədi. Yəni, cənab Prezident ölkə rəhbəri kimi təkcə 6 ayın uğurlarından deyil, eyni zamanda yenidən baxılmağa ehtiyac qalan tərəflərə toxundu. Hesab edirəm ki, vətəndaşların rifah halına ən çox təsir göstərən məsələ məhz inflyasiya səviyyəsidir. Buna görə də bu məsələ maksimum diqqət mərkəzində olmalıdır. Mərkəzi Bankın sərt monitar siyasəti inflyasiyanı cilovlamaq üçün kifayət etmir".
Ekspert qeyd edib ki, Prezidentin toxunduğu digər bir məsələ isə insanlar üçün, ələxsus da regionda yaşayanlar üçün önəmli idi:
"Ölkə başçısı çöx gözəl bir cümlə işlətdi: “…biz gərək nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında özümüz üçün konseptual qaydada bir araşdırma aparaq və özümüz üçün bir hədəf müəyyənləşdirək ki, biz nə istəyirik.” Bu, son dərəcə vacib ifadə idi. Azərbaycan nəqliyyat dəhlizlərinin “hörümçək toru”na (HAB) çevrilir. Atlantikdən Sakit okeana, Hind okeanından Şimal Buzlu okeana qədər yollar ölkəmizdən keçir və genişlənməkdədir. Bu yollar limanlardan limanlara göylə uçmur, rayonlarımızdan keçir. Deməli, hər bir istiqamət üzrə müəyyən bir biznes imkanları yaradıla bilər. Bu imkanlar reallaşdırılarsa, dəhlizlərin Azərbaycana verdiyi töhfə təkcə tranzit gəlirləri, vergilərlə məhdudlaşmaz, regionaların inkişafına, məşğulluğun artmasına, sosial həyatın yüksəlməsinə öz təsirini göstərər".