“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.
"Unikal" xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:
• göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
• iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
• Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
• mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.