"Formal olaraq Müsavat Partiyasında, faktiki olaraq AXCP-də, siyasi bilik və savad olaraq plintusun (döşəmə ilə divarın birləşdiyi yerə vurulan fiqurlu odun parçası) altında olan Tofiq Yaqublu dünən status yazıb, yalan danışmaqla yanaşı, hər gün tənqid etdiyi, yalançılıqda suçladığı hökumətə sözsüz inamını göstərib, Ədliyyə Nazirliyinin REAL-a bağlı məlumatlarına həqiqət mayakı kimi istinad edərək bizi ittiham edib".
"Unikal" xəbər verir ki, bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib.
"Adam (Tofiq Yaqublunu nəzərdə tutur - red.) deyir ki, heç 500 üzvləri də yox imiş, buna rişxənd edir, nazirliyi haqlı hesab edir. Yaxşı, bunun adı nədir – cığallıq, ya qərəz?!
Bu gün Azərbaycan tarixində önəmli yeri, çəkisi olan Müsavat Partiyasına, demək olar ki, REAL-a verilən cavaba bənzər məktub göndərilib. İndi Yaqublu “məntiqinə” görə Müsavat Pariyasının da 5-6 yüz üzvü var?! Təbii ki, elə deyil və mən bunu Ədliyyə Nazirliyinin Müsavat Partiyasına qərəzi kimi dəyərləndirirəm", - deyə Natiq Cəfərli qeyd edib.
Xatırladaq ki, ötən gün Müsavat Partiyasının üzvü Tofiq Yaqublu status yazaraq bəzi partiyaların heç 500 üzvü olmadığını bildirmişdi.