“Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının mədəniyyət paytaxtı Şuşada “4-cü sənaye inqilabı və yeni media” başlığı altında keçirilən Qlobal Media Forumu başa çatdı. Forum əks-sədası hələ də dünya mediasının manşetlərindədir. Milli mətbuatımızın yaranmasının 148-ci ildönümünə təsadüf edən bu beynəlxalq tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 250 nəfər media təmsilçisinin qatılması Qlobal Media Forumuna beynəlxalq marağın kifayət qədər yüksək olduğunu göstərdi. Forumun məhz Şuşada keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Cənab Prezident İlham əliyevin Forumda qeyd etdiyi kimi “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.

Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”. Dünya mediasının aparıcı nümayəndələrini Şuşaya dəvət etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində müharibədən sonrakı mövcud vəziyyət haqqında obyektiv informasiyaların beynəlxalq miqyasda yayılmasına şərait yaratdı. Dünyamiqyaslı nüfuzlu KİV-lərin nümayəndələri Laçın yolunun başlanğıcından reportajlar yayımladı və Qarabağ ərazisində yaşayan ermənilərin heç də iddia edildiyi kimi blokada şəraitində olmadığını öz auditoriyalarına çatdırdılar. Müxtəlif ölkələrin mətbuatında və bir sıra beynəlxalq siyasi platformalarda Ermənistan tərəfindən ölkəmiz haqqında məqsədli şəkildə yayımlanan saxta məlumatlar bu Forum çərçivəsində əyani şəkildə təkzib olundu. Bütün imkanlarını ölkəmiz haqqında saxta informasiyalar yaymaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışan Ermənistan siyasətçilərinin və jurnalistlərinin yalanları növbəti dəfə tutarlı dəlillərlə ifşa olundu. Forumunun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, “İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”. Prezident bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirdi ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür.

Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Xüsusi mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan-Qarabağı tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır". 

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov