Bakının “Sabah” klubunun avrokuboklarda debütü uğurlu alınıb.
"Unikal" xəbər verir ki, iyulun 26-da Bakı təmsilçisi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandasının qonağı olub.
Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç adını tabloya yazdırıb. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi “Sabah”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
“Sabah” klubu ikinci hissədə də üstün oyun nümayiş etdirib. Bakı təmsilçisinin gürcüstanlı hücumçusu Davit Volkov 56-cı dəqiqədə ikinci topu rəqib qapısından keçirib.
Çexiyalı baş hakim Yan Maxalekin idarə etdiyi matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.