"Azərbaycanda inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edilir. Bu məhsullar arasında qiymətinin qalxmasına təəssüf etdiyim sonuncu məhsul siqaretdir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayını azaldır:
"Bunu DSK və ÜST hesabatları təsdiqləyir. Hazırda isə bu qiymət artımının xüsusi və qeyri-adi səbəbi yoxdur. Səbəb sadədir, inflyasiya. Sadəcə 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artdığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. Dörd-beş aydan bir 10 -20 qəpik artır. Bu isə bugünkü rezonansı verir. Həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır".
Ekspert qeyd edib ki, siqaretin qiymətinin hansı ayda və nə qədər qalxması bu sahədəki subyektlərin davranışından asılıdır:
"İllik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq inflyasiyasından az, qeyri-ərzaq inflyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir. İl ərzində Azərbaycana təxminən 16 milyon dollardan çox tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni, tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır".