Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) dəyişdirilib.
Belə ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətini mərkəzi aparatı üçün avtomobillərin sayı 18-dən 13-ə, qurumun ərazi və yerli bölmələri üçün avtomobillərin sayı isə 15-dən 10-a endirilib.
Əvəzində nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin avtomobillərinin sayı 15-dən 26-ya, qurumun ərazi və yerli bölmələri üçün avtomibillərin sayı isə 12-dən 23-ə çatdırılıb.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin xidməti minik avtomobillərindən istifadə hüququ isə ləğv edilib.