İçdiyiniz su qədər dərinizə dəyən suyun da gözəlliyinizə təsiri var. Təmizlənməmiş kran suyunun dərinizə vura biləcəyi zərərləri bilirsinizmi?

"Unikal" xəbər verir ki, hər gün üzünüzü yuduğunuz suyun dərinizə təsir etməsi qaçınılmazdır, lakin bu təsirin dərəcəsi dərinizin həssaslığından və suyun tərkibindən asılıdır.

Kran suyu dəriyə zərər verirmi?

Yaşadığınız şəhərin su tərkibi dərinizə təsir edir. Hər suyun tərkibində olan minerallar fərqlidir və dəriyə zərər verən də məhz bu minerallardır. Suyun tərkibində kalsium, maqnezium, dəmir, mis, sink kimi minerallar nə qədər çox olarsa, su bir o qədər sərtləşir və dəriniz üçün zərərli olur.

Kalsium və maqnezium ilə bərkimiş su sabun kimi təmizləyici maddələri həll etmə qabiliyyətini azaldır və dəmir kimi maddələr sərbəst radikallar yaradaraq hüceyrələrinizə zərər verə bilər. Zərərli ağır metallar və yüksək səviyyədə minerallar olmayan  sular dərinizə daha xeyirlidir.

Daim sərt su ilə təmasda olan dəri qıcıqlanmaya, quruluğa və sədəf kimi bəzi dəri xəstəliklərinə meylli olur. 

Dəri üçün xüsusi olaraq istehsal olunan sular olsa da, daha davamlı bir iş rejimi üçün krana təmizləyici əlavə etməyi düşünə bilərsiniz. Mineralları suda saxlayaraq suyu yumşaltmağı hədəfləyən filtrlər bu baxımdan kifayət edər. Duşdan sonra dərinizi nəmləndirmək və duş başlığını təmizləyici ilə əvəz etmək də dərinizin sağlamlığına edə biləcəyiniz bir sərmayədir.

Gülayə Mecid