İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilk dəfə olaraq provayderi cərimə edib.
"Unikal" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz məlumat paylaşıb.
O bildirib ki, Xırdalanda fəaliyyət göstərən "BHS Fiber" şirkəti uçota durmadığı üçün cərimələnib.
"Yəni, bu provayderin adı, ünvanı , əlaqələri və s. heç kimə məlum olmayıb. Xəbərdarlıq olsa da, uçota düşməyib. Mövcud qanunvericilikdə isə bununla bağlı 1500 manatadək cərimə nəzərdə tutulub ki, RİNN-nin yeni Agentliyi ilk dəfə bu səlahiyyətindən istifadə edib".
Ekspert xatırladıb ki, ölkədə 200-dək internet servis provayder olsa da, hələlik İKTA saytında 138 provayderin uçota düşdüyü görsənir.