"Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda, Türkiyə 28.9 faizə sahib olub".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, sözügedən ölkələrin qeyri-neft ixracatındakı pay fərqi cüzidir:
"Bu o deməkdir ki, ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixracı tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayır. Bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir.
Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatının həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".
Seymur Əli