İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe quraqlıq səbəbindən suyun səviyyəsinin aşağı düşdüyü Urmiya gölünün vəziyyətinin yaxşı olmadığını, problemin beynəlxalq xarakter daşıdığını bəyan edib.

"Unikal" xəbər verir ki, Səlaceqe Urmiya Gölü Milli Parkının Qiymətləndirilməsi iclasında çıxış edib.

Səlaceqe "Təəssüf ki, Urmiya gölünün vəziyyəti yaxşı deyil. Bu gölün problemi beynəlxalq məsələdir" deyib.

Gölün payız yağışları ilə daha yaxşı səviyyəyə çatmasını gözlədiklərini deyən Səlaceqe "Urmiya gölünün təbii prosesləri insan müdaxiləsi ilə problemli hala gəldiyini" bildirib.

Səlaceqe qeyd edib ki, göldəki vəhşi təbiətin qorunması üçün səy göstərilməlidir.

Qeyd edək ki, 2003-cü ildə quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. İranın şimal-qərbində yerləşən gölün 95 faizinin hazırda quruduğu bildirilir.

Dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən insanların həyatına da mənfi təsir göstərir.

Ölkədə zaman-zaman gölün fəaliyyətinin bərpası tələbi ilə nümayişlər keçirilir.
Urmiya gölü 1976-cı ildə YUNESKO-nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib.