Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.
"Unikal" xəbər verir ki, bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib.“Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk.
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir” - deyə, o bildirib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.