Azərbaycanın bu il iyulun 1-nə 6 576,9 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 88 %-i elə dollarda olub.
"Unikal" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 5,2 %, yapon yeni 2,8 %, digər valyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,4 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4 %-ni, sabit dərəcə ilə olanlar isə 57,6 %-ni təşkil edib.
Xarici dövlət borcunun 49,4 %-i 5 ilə qədər olan müddətdə, 42,6 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.
İyunun sonuna xarici dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10 %-i qədər olub. Bu ilin I yarısında cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla xarici dövlət borcu 116,3 milyon ABŞ dolları və yaxud 1,7 % azalıb.