Müasir Azərbaycan ailəsində ər-arvad münasibətlərinin düzgün qurulmasının kökündə dayanan səbəblərdən biri də valideynlər və övladlar arasındakı münasibətlərdir.
"Unikal" xəbər verir ki, bunu ekspert Gülər Mübariz deyib.
O bildirib ki, Azərbaycan xalqı dünyanın ən uşaqcanlı xalqlarından biridir:
"Belə ki,valideynlər övlad sevgisini pərəstiş halına gətirəcək qədər çox bağlıdır uşaqlarına.(istisnalar var) Qurulan ailələrin mənəvi həyatında valideynlərin rolu və əhəmiyyəti böyükdür. Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə-uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz-özlüyündə deyil, məhz ər-arvad və yaxud valideynlər-uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir. Burada daha açıq desək,təqdimat da mühüm rol oynayır. Müxtəlif həyati faktların təhlili göstərir ki, gənc ailə arasındakı uyum daha çox onların ideya və mənəvi sərvətləri, maraqları və xarakter əlamətləri ilə bağlı olsa da,onların bu uyumu əldə etməzdən əvvəl buna psixoloji hazırlıqları daha önəmlidir.Bu hazırlıqda da valideynin rolu danılmazdır.
Valideynlər ilk öncə övlad sahibi olduqda onu güclü övlad kimi yetişdirməkdən başqa həm də cəmiyyətimiz üçün güclü şəxsiyyət və fərd olaraq yetişdirməyin nə qədər vacib olduğunu anlamalıdırlar.Buna əsaslanan valideynlər övladlarına ideal ailə sahibi olmağı öyrətmək üçün belə bir ailə tablosunu məhz göstərməli və bunu onlara yaşatmalıdırlar.Sağlam və güclü ailədə böyüdülən övladların faydalı şəxsiyyət kimi böyüməsi və gələcəyin sağlam ailə başçısı olmağı daha məntiqəuyğundur.Yəni,ailənin psixoloji iqliminin nüvəsi məhz ailə münasibətləri ilə bağlıdır. Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda, hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir: ata ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir-birilərinə həyan olurlar.Belə bir şəraitdə böyüdülən övladlar psixoloji cəhətdən güclü yetişirlər,ailənin önəmini dərk edirlər,yaşadıqları və öyrəndikləri həyatı yaşamağa,yaşatdırmağa davam edirlər.
Bu gün Azərbaycanda boşanmaların sayı günü-gündən artır;Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 6920 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ən xoşagəlməz hallardan biri də budur ki,statistikada artan bu rəqəmlər gələcək uşaqların daha da ağır vəziyyətlərdən və sınaqlardan keçməli olduqlarından xəbər verir.
Müasir dövrümüzdə ailə anlamını artıq daha fərqli və çoxşaxəli qavrayan gənclər də bu istiqamətdə bəzən çətinliklər yaradır.Məntiqə əsaslanan bütün düşüncələrin arxasında olmalıyıq;yetər ki bu düşüncələrin arxasında mənəvi dəyərlərimiz də dayansın.Həyati təcrübələrə əsaslansaq,belə deyə bilərik ki,əvvəlki dövrlərdə yaşanılan ailədaxili hadisələrlə gənclərimiz artıq razılaşmır. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm gənclərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlarımızın əksəriyyəti cəmiyyət həyatında baş verən belə dəyişikliyə psixoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb olur.Bu problemlərin ən qlobal olanları aşağıdakı amillərdir. iqtisadi amil – işsizlik; asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi; psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq və s.; tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və qeyri pozuntu; pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü
Bu amillərin mövcud olduğu ailə daxilində parçalanma yaşanır və bu parçalanmaların sonunda qarşısı alınmaz olan bədbəxt hadisələrin baş verdiyinin şahidi oluruq.
Bəs bunun önləmini almaq olarmı?Sadalanan hər bir amili diqqətlə analiz etsək,belə qərara gəlmək olar ki,bütün bunların ilkin əlamətlərini sezmək və önləmini almağa çalışmağın yolu ilk olaraq valideynlərdən keçir.Övladın “başını bağlamazdan” öncə yaşana biləcək bütün mənfi olayları göz önündə tutarsaq,bunu etməzdən əvvəl övladlarımızı ilk öncə bu əhəmiyyətli yola hazırlamalıyıq.İstər mənəvi,istər psixoloji baxımdan güclü yetişən hər bir övlad özünün də gələcəkdə hazır və yetişkin ailə başçısı,valideyn olacağından şübhəm yoxdur.Əlbəttə ki,bu təktərəfli deyil,qarşısındakı həyat yoldaşının da eyni şəraitdə yetişdirildiyini nəzərə alarsaq,sizcə də problemlərin sayı minimuma enməzmi?
Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki,övlad böyüdərkən hər bir valideyn yetişdirdiyi fərdin gələcəkdə sağlam bir ailə başçısı olması üçün özləri də sağlam ailə olmalı və bunu övladlarına aşılamalıdırlar", - deyə o qeyd edib.