Bu gün "WhatsApp" hesablarının bağlanması və bloka düşməsi ilə bağlı yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən "Unikal"a bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətdə araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

Həmçinin, vətəndaşlara vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir.

 

***

14:49

Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür.

"Unikal" xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

"Hesabları açmaq üçün kod nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək ölkəmizdə olduğu bildirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.