“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərlotereya ASC-nin dəstəyi ilə 21-26 avqust tarixlərində Quba rayonunda tələbə şəhid övladları üçün “Əmanətə Sədaqət” yay düşərgəsinə start verilib.
"Unikal" xəbər verir ki, 40 tələbə şəhid övladının iştirak etdiyi bu düşərgə ərzində gənclər öz bilik və bacarıqlarını artıracaq bir sıra təlimlərdə, müxtəlif idman və intellektual oyunlarda, həmçinin Quba rayonunun tarixi və istirahət guşələrinə ekskursiyalarda iştirak edəcəklər.
Düşərgənin açılış mərasimində iştirak edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və Azərlotereya ASC-nin Korporativ Sosial Məsuliyyət üzrə baş mütəxəssisi Vüsal Bəkirov düşərgə iştirakçılarını salamlayaraq onlara tədbirin məqsədi barədə məlumat veriblər və tələbə şəhid övladlarının hər birinə uğurlar arzulayıblar. Mərasimin davamında "ProMete" ləqəbli məşhur repçi Pərviz İsaqov və Səs Azərbaycan 2021 müsabiqəsinin qalibi və Azərbaycanın 2022-ci il Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Nadir Rüstəmli gənclərə musiqi dolu əyləncəli anlar yaşadıblar.
Düşərgənin ikinci günündə iştirakçılar üçün Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil edilib. Kompleksdə 1918-ci ildə Qubanın müsəlman əhalisinə qarşı törədilmiş soyqırım haqqında məlumat əldə edən tələbələr daha sonra Quba rayonunun məşhur istirahət guşələrini gəzib əyləncəli vaxt keçiriblər. Günün ikinci yarısında isə tələbə şəhid övladları üçün ayrılmış idman saatlarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) peşəkar məşqçilərinin dəstəyi ilə mini-futbol turniri təşkil edilib.
Turnirin sonunda qalib komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib. Sonda isə düşərgənin ikinci günü də musiqili konsert proqramı ilə başa çatıb.