İranın Sistan-Bəlucistan vilayətində xidmət aparan polis əməkdaşlarına qarşı silahlı hücum olub.

"Unikal" İran mətbuatına istinadla xəbər verir ki, silahlı hücum zamanı polis leytenantı Əli Bincani qətlə yetirilib və digər 3 nəfər polis əməkdaşı yaralanıb.

Vilayətin ədliyyə idarəsinin yaydığı xəbərdə bildirilib ki, avtomobildə xidmət ərazisinə yola düşən polislərə qəfil atəş açılıb. Polis əməkdaşı xidməti avtomobilində aldığı güllə yarasından yerindəcə keçinib. Digər 3 nəfər isə xüsusi rabitə ilə mərkəzə məlumat veriblər. Ədliyyə idarəsinin məlumatında o da bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, İranın Sistan-Bəlucistan vilayətində polisə və xüsusi xidmət orqanlarının əməkdaşlarına qarşı silahlı hücumların təşkil olunması mütəmadi xarakter alıb.