Ordubad Rayon İcra Hakimiyyətinin başçısı bir qrup rayon ziyalısı ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri və rayonun 50 nəfər ziyalısı iştirak edib.
Görüşü giriş nitqi ilə açan İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə qazanılan nailiyyətlərdən, ölkəmizdə qısamüddətli və uzunmüddətli proqramlar əsasında həyata keçiriləcək layihələrdən, Naxçıvanda məmurlarla vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi istiqamətində muxtar respublikada formalaşdırılan Səlahiyyətli Nümayəndəlik institutundan, eləcə də, Naxçıvan Muxtar Respublikası və Ordubad rayonunun sosial-iqtisadi, mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə vətəndaşların məlumatlandırılması prosesində rayon ziyalılarının fəal iştirakının zərurliyini qeyd edən Rəcəb Rəhimli müvafiq Dövlət Proqramı haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin müəyyən etdiyi proqramın məqsədinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının işğaldan azad olunan bölgələri daxil digər bölgələrlə inteqrasiyasını təmin etmək , eyni zamanda ölkənin inkişafını kompleks şəkildə həyata keçirmək , bütün ərazi vahidləri üzrə inkişaf meyarlarını ortaya qoymaqdan ibarət olduğunu qeyd etdi. İcra Hakimiyyətinin başçısı rayonun gələcək inkişaf perspektivləri barədə, həmçinin, bölgəmizdə həyata keçiriləcək sosial-iqtisadi proqramlar, innovativ inkişafa dair proqram layihələri haqqında ətraflı məlumat verdi. Həmçinin, Muxtar Respublikada kadr potensialının təkmilləşdirilməsi, onların formalaşdırılması, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində ziyalıların böyük rol oynaya biləcəklərini vurğuladı. İcra Hakimiyyətinin başçısı hər bir ziyalını ictimai-siyasi həyatda daha da fəal olmağa, cəmiyyətin inkişafında bilik, bacarıq və səmərəli fəaliyyəti ilə yaxından iştirak etməyə dəvət etdi.
Görüşdə rayon ziyalılarından “Tərrəqqi” medalı ilə təltif olunmuş Əli Qənbərov, Azərbaycan Respublikasının əməkdar müəllimi Səkinə Tağıyeva, Naxçıvan Muxtar Respublikası Veteranlar şurasının Ordubad rayon təşkilatının sədri Fərrux Nağızadə, Azərbaycan Respublikasının əməkdar müəllimi, təqaüdçü Firdovsi Mehdiyev, Fizika elmləri üzrə fəlsəfə doktoru Mirhəsən Seyidov, Naxçıvan Muxtar Respublikasının əməkdar təqaüdçü müəllimi Firuzə Əsgərova, Naxçıvan Muxtar Respublikasının əməkdar təqaüdçü müəllimi Nərgiz Həsənəliyeva, I Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranları və şəhid ailələri ictimai birliyinin sədri Raqib Baxşıyev və rayonun müxtəlif peşə sahələri üzrə xidmətləri olmuş ziyalılardan Əfrayə Tağıyeva, Rasim Bədəlov, Samiddin Musayev, Abbas Tağıyev, Ağa Sadiqov, Südeyf Hacıyev, Zahid Sadıqlı tərəfindən rayonun gələcək potensial sosial-iqtisadi inkişafı ilə bağlı proqramın həyata keçirilməsi, xüsusən də gənclərin bu proqramların əsas əmək resursu sayılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə gənclər evlərinin yaradılması sahəsində, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər İcra Hakimiyyəti başçısına verildi, bu sahədə müzakirələr aparıldı. Ziyalılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, sosial- iqtisadi inkişaf sahəsində qazanılan uğurlarla qürur duyduqlarını ifadə etdi və ölkədə elmin, təhsilin, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı görülən işlərə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin rəhbərliyi ilə həyata keçirilən quruculuq-abadlıq işlərinə və əhalini narahat edən çoxillik məsələlərin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Ziyalıların rayonun inkişaf təminatını intensivləşdirəcək təklif və müraciətlərini dinləyən Rəcəb Rəhimli onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verdi.