27 sentyabr - Şəhidlərimizin anım günüdür.Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi, milli dövlətçiliyimizinqızıl tarixi, qürur və şərəf rəmzidir. Çünki Ali Baş Komandanımızın siyasi iradəsi, ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına düşmən biabırçı məğlubiyyətə uğradı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. 

Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim “Dəmir yumruğ”umuzu bir daha görəcək. Bu “Dəmir yumruq” onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Azərbaycan dövləti tərəfindən 20 sentyabr 2023-cü ildə Ermənistan silalı qüvvələrinin Qarabağdakı birləşmələrinin törətdikləri terror aktlarına qaşı aparılan lokal xarakterli anti-terror tədbirlərinin nəticəsi bir daha deyilənlərə bariz nümunə oldu. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov